Azərbaycan Respublikası
Təhsil Nazirliyi
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi

Peşə yönümü işləri

 

  • Əlləri ilə çalışan insan fəhlədir.

  • Əlini və başını işlədən insan ustadır.

  • Əlləri, başı və ürəyi ilə çalışan isə sənətkardır.  

                                                                        J.V. Goethe

 

Peşəyönümü

Peşəyönümü gənclərin peşə seçməyə hazırlanması, onların maraq və meyllərini, əmək bazarının tələbatını nəzərə almaqla münasib peşəyə yiyələnməsi və işə düzəldilməsi məqsədi ilə həyata keçirilən ictimai-pedaqoji tədbirlər sistemidir. Peşəyönümü şəxsiyyətin ahəngdar inkişafına, onun potensial imkanlarının aşkarlanmasına, təlim-tərbiyə prosesinin intensivləşməsinə kömək edir. Bütün bu təriflərin uyğun və fərdi cəhətlərini nəzərə alaraq söyləyə bilərik ki, peşəyönümü işi mürəkkəb, kompleks problem olub, cəmiyyət həyatının mühüm sahələrindən biridir.

Peşəyönümü işinin təşkilində əsas məqsəd:

-peşə, məşğulluq forması, şəxsiyyətin özünüifadə yollarının sərbəst seçimi sahəsində sosial təminatların həyata keçirilməsini təmin etmək;

-cəmiyyətin sosial-iqtisadi inkişafının ümumi istiqaməti ilə dövlət məşğulluq siyasətinin vəhdətinə nail olmaq;

-fərdin peşə maraqları, imkanları, psixo-fizioloji xüsusiyyətləri ilə əmək bazarının tələbatı arasında balans müəyyən etmək;

-fərdin öz əməyi və sosial statusundan qane olması üçün onun peşəkarlığının fasiləsiz inkişafına təsir etməkdir.

Peşəyönümü işinin əsas istiqamətləri aşağıdakılardır:

-peşə məlumatlandırması. Bura əhalinin müxtəlif təbəqələrinin istehsalın müasir növləri, əmək bazarının vəziyyəti, təsərrüfat komplekslərinin ixtisaslı kadrlara tələbatı, əmək bazarının məzmunu və inkişaf perspektivi, peşələrə yiyələnmənin forma və şərtləri, peşə tələbləri, əmək fəaliyyəti prosesində özünütəkmilləşdirmə, peşə-ixtisas inkişafı barədə məlumatlarla tanışlıq daxildir;

-peşə məsləhəti.Peşə seçimində şüurlu qərar qəbul etmək, vətəndaşa peşə özünütəyinində kömək etmək;

-peşə, istehsal və sosial adaptasiya. Bu fərdin fəal yaradıcı əməyə, yüksək peşəkarlıq səviyyəsinə nail olması, sosial və peşə keyfiyyətlərinin formalaşması məqsədi ilə həyata keçirilən tədbirlər sistemidir.

Peşəyönümünün əsas metodları aşağıdakılardır:

-peşə məlumatlandırılması;

-psixoloji və tibbi məsləhət;

-psixoloji, psixo-fizioloji, tibbi diaqnostika;

-peşə seçimi.

Müasir insan həyatda ona lazım olan bütün əmtəələri özü istehsal etmir. Lakin cəmiyyətin inkişafının müəyyən mərhələlərində heç də belə olmamışdır. İbtidai insanlar həyat uğrunda mübarizə apararaq, yaşamaq üçün özünə həm qida əldə etməli, həm paltar hazırlamalı, yaşayış yeri “tikməli”, həm də düşmənlərdən müdafiə olunmalı idilər. Cəmiyyətin sonrakı inkişafında əməyin ictimai bölgüsü aparılmağa başlandı. Əməyin ilk bölgüsü müəyyən insan qruplarının və ya fərdin heyvandarlıq, digərlərinin isə əkinçiliklə məşğul olması ilə başlamışdır. Əkinçilər və heyvandarlar bir-birinə lazım idilər. Çünki bir qrupun heyvandarlıq məhsullarına, digər qrupun isə əkinçilik məhsullarına ehtiyacı var idi. Beləliklə əmək məhsullarının mübadiləsi yarandı.

Cəmiyyətin inkişafı nəticəsində müxtəlif sənətlərin yaranması əmək bölgüsündə ikinci mühüm mərhələ sayıla bilər. Artıq əmək məhsullarının bölünməsi sənətkarlar, heyvandarlar və əkinçilər arasında aparılırdı. Müxtəlif məhsulların mübadiləsi tədricən mürəkkəb xarakter alır, həcmi genişlənir, beləliklə də ictimai əmək bölgüsünün üçüncü mərhələsində tədricən yeni peşəyə ehtiyac yaranırdı. Bu peşə nümayəndələri əsasən məhsulların mübadiləsi ilə məşğul olanlar, yəni tacirlər idi. Cəmiyyətin inkişafı əməyin tədricən maddi və mənəvi nemətlər istehsalı ilə məşğul olan peşələrə bölgüsünə səbəb oldu.

Müasir cəmiyyətdə əməyin minlərlə növü var. Bunların hər biri insan qarşısında qoyduğu tələblər sistemi ilə birgə peşə adlandırıla bilər. Peşə-cəmiyyətin zəruri ehtiyaclarına uyğun olaraq əməyin bölgüsü nəticəsində insanın fiziki və mənəvi qüvvəsinin məhdud tətbiq sahəsi olub, əvəzində fərdin yaşama və inkişafı üçün imkan yaradır. Peşə-xüsusi hazırlıq və iş təcrübəsi nəticəsində nəzəri biliklərə və təcrübi vərdişlərə yiyələnmiş insanın əmək fəaliyyətidir (məşğulluğudur). Peşələr işin xidmət funksiyaları və tətbiq edilən əmək alətləri ilə xarakterizə edilirlər.

İxtisas-insanın əmək fəaliyyəti növü olub, müəyyən istehsal (xidmət) sahəsində məşğul olmağa imkan yaradan bilik və əməli vərdişlər kompleksidir. İxtisas peşə daxilində formalaşır (peşə daxilində müxtəlif fəaliyyət növləridir). Peşə bir və ya bir neçə ixtisası əhatə edə bilər. Məsələn, müəllimlik peşəsi fizika müəllimi, riyaziyyat müəllimi, kimya müəllimi və s. Ixtisasları, mühəndislik peşəsi tikinti mühəndisi, maşınqayırma mühəndisi, cihazqayırma mühəndisi və s. ixtisasları əhatə edir.