Azərbaycan Respublikası
Təhsil Nazirliyi
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi

Məqalə

Pandemiya dövründə tədrisin təşkili

Qalib Nəbiyev

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin direktoru

 Dünyanı bürüyən qlobal pandemiya şəraiti ictimai həyatın bütün sahələrində olduğu kimi, Azərbaycanın təhsil mühitində də təsirsiz ötüşməmişdir. Təhsilin ayrı-ayrı pillə və səviyyələrində fəaliyyətin təşkilinə yeni baxışlar sistemi formalaşmış, günün reallıqlarının, başlıcası təhsil prosesi iştirakçılarının salamatlığı prinsipləri nöqteyi-nəzərindən tədris prosesinin təşkilinə xüsusi yanaşma tətbiq olunmuşdur.

 2021-ci təqvim ilinə Publik Hüquqi Şəxs kimi yeni statusla fəaliyyətə başlayan  Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi az bir müddət ərzində bu sahədə diqqətəlayiq nəticələrə nail ola bilmişdir. Pandemiya şəraitində tədris prosesinin təşkilinin əsas məqsədinin təmin olunmasında Mərkəz tərəfindən iki mühüm sənəd - Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın son müvafiq qərarını və Azərbaycan Respublikası Təhsil Nazirinin 14 sentyabr 2020-ci il tarixli F-427 nömrəli əmri ilə təsdiq edilmiş “Xüsusi karantin rejimi dövründə peşə təhsili müəssisələrində tədris prosesinin təşkilinə dair metodik göstərişlər”i əldə rəhbər tutulmuşdur. Adı çəkilən normativ sənədlərin tələblərinə uyğun olaraq Təhsil Mərkəzində aşağıdakı ardıcıllıqla sistemli tədbirlər həyata keçirilmişdir.

  • İlkin olaraq müəssisədə fəaliyyət göstərən ixtisaslar və qruplar üzrə uyğunlaşdırılmış tədris planları tərtib edilərək Pedaqoji Şurada baxılmış və təsdiq edilmişdir. Tədrisin distant (məsafədən) formada təşkilini nəzərdə tutan 4(dörd) həftəlik dərs cədvəli müəyyən edilmiş və müvafiq operativ tədtis- metodik və tədris-təşkilatı hərəkətlər icra olunmuşdur. Belə ki, distant (məsafədən) tədrisə keçid elan olunmuş, bu barədə bütün müəllim və tələbələr məlumatlandırılmışdır;
  • Mühəndis-pedaqoji heyətin monitorinqi aparılmışdır;
  • Prosesin təşkili ilə bağlı “Qaynar xətt” xidməti (telefon- (050) 665-07-62) yaradılmışdır;
  • Ümumi orta təhsil (IX sinif) bazasından qəbul olunan tələbələrin məsafədən dərslərə qoşulmasını təmin edən internet resurslarına çıxışı əldə etmələri üçün onların valideyinləri ilə söhbətlər aparılmışdır;
  • Distant tədrisi nəzərdə tutan dərs cədvəlləri və onların keçirilməsinin qrafiki dəhlizdə “Xüsusi guşə”də yerləşdirilmişdir;
  • Müəllim və istehsalat təlimi ustalarının qarşılıqlı fəaliyyətinin əlaqələndirilməsi alqoritmləri müəyyən edilmişdir;
  • Müəllim və istehsalat təlimi ustaları tərəfindən cari qiymətləndirmə jurnalları hazırlanmışdır.

Təqribən bir ay davam edən distant (məsafədən) tədris xeyli diqqətəlayiq nəticələrlə yadda qaldı. Pandemiya şəraiti mühəndis-pedaqoji heyətin informasiya-kommunikasiya texnologiyalarından və “ağıllı telefonlar”dan istifadəsinə geniş imkanlar yaratdı. Əvvəllər digər məqsədlərə xidmət edən telefonlar və kompüterlər indi həm təhsilalanlar, həm də təhsilverənlər üçün ən mühüm tədris resurslarına çevrildi. Belə kommunikasiya olmayan müəllimlər həmin avadanlıqları əldə etdilər, “WhatsApp”  və digər platformalar üzərindən tədrisin aparılmasına başladılar. Tədris ötən tədris ilindən əvvəl qurulmuş dərs cədvəlləri üzrə aparıldı. Lakin koronavirus pandemiyasının nə qədər davam edəcəyi məlum olmadığı üçün 2019-2020-ci tədris ili kortəbii şəraitdə başa çatdı.

Cari dərs ilinin 4 həftəlik distant təhsili 15 noyabr 2020-ci il tarixədək davam etmişdir. Sonra 6 həftəlik dərslərə start verilmişdir. Bu dərslər 21 saat əyani, 15 saat distant olmaqla, həftədə 3 dəfə müəyyən edilmiş, lakin cəmi 3 gün-15,16 və 17 oktyabr tarixlərində davam edə bilmişdir. Bundan sonra 2(iki) həftəlik tətil elan olunmuşdur.

Mərkəzimizdə əyani tədris prosesi zamanı sosial məsafənin qorunması üçün təhsil alan tələbələrin sayının minimuma endirilməsi məqsədilə ümumi orta (IX sinif) təhsil bazasından qəbul olub təhsil müddəti 3 və 2 il olanlar üçün həftənin tək ( 1,3 və 5-ci ) günləri əyani, cüt (2,4 və 6-cı) günləri distant, eləcə də tam orta təhsil  (XI sinif ) bazasından qəbul olub təhsil müddəti 1 il olanlar üçün isə əksinə, həftənin cüt (2,4 və 6-cı ) günlərində əyani, tək ( 1,3 və 5-ci) günlərində isə distant tədris təşkil olunmuşdur. 

Təhsil Nazirliyinin müvafiq əmrinin tələblərinə uyğun şəkildə bu dərslər 2 (iki) növbəli olmaqla təşkil edilmiş, dərslərin keçirilməsinin müvafiq qrafiki tərtib və təsdiq edilərək “Elanlar lövhəsi” ndən asılmışdır.

Distant tədrisin təşkili üçün mühəndis-pedaqoji heyətlə online və kiçik qruplarla mütəmadi olaraq, metodiki işlər aparılmışdır və ilkin olaraq, tələbələrin internetə çıxışı barədə məlumatlar toplanılmışdır. Toplanmış məlumatlara görə təhsil alan 374 nəfər tələbədən, 245 nəfər tələbənin internetə çıxışı vardır ki, bunlardan 60 nəfər tələbə sabit internetdən istifadə edir. 185 nəfər tələbə isə internet paketi almaqla şəbəkəyə qoşula bilirlər. İnternetə qoşula bilən tələbələr ümumi tələbə sayının 65 %-ni təşkil edir. İnternetə çıxışı olmayan 135 nəfər tələbə daha ucqar yaşayış məntəqələrində yaşayırlar və ya “Smartfon” tipli telefonlardan istifadə etmirlər. Tələbələr və valideynləri ilə söhbətlərimiz zamanı, onlara verilən təqaüdün bir qisminin internet paketi üçün xərclənməsini tövsiyə etmişik. (2020-ci ildə qəbul edilmiş tələbələrdən 16 nəfəri cəbhədədirlər və bir nəfər tələbəmiz isə şəhid olmuşdur).

Qruplar üzrə internetə çıxışı olan tələbələrin say göstəriciləri aşağıdakı kimidir (cədvəl 1):

 

Cədvəl № 1

Bildiyimiz kimi, yanvar ayından Mərkəzimiz bütün pedaqoji kollektivlə “Teams” platformasına keçid etdi. PTDA-nın dəstəyi ilə Mərkəzimizdə komandaları yaradıldı, bütün müəllim və tələbə heyəti həmin komandalara daxil edildi. Bu günədək tələbələrin 85-90%-i bu platforma üzərindən dərsə qoşulmaq imkanı əldə etmişdir. Bununla bərabər, “Teams” platforması üzrə koordinator (əlaqələndirici) dərslərin təqvimə yerləşdirilməsinə və keçirilməsi keyfiyyətinə müntəzəm nəzarət etmişdir. Pedaqoji kollektivin bu işdə əlbir və qarşılıqlı fəaliyyəti müəyyən səmərəli nəticələr əldə olunmasına gətirib çıxarmış, təhsilin keyfiyyət göstəricilərində dinamika müşahidə olunmuşdur. Burada unudulmamalıdır ki, həm ümumtəhsil fənlərinin , həm də peşə ixtisas modullarının tədrisi bütövlükdə uyğunlaşdırılmış tədris planlarına əsasən aparılmışdır.

Təhsil müəssisəsinin rəhbərliyi dərs ilinin əvvəlindən əsasən praktik əhəmiyyət daşımayan fənn və modulların onlayn tədris olunmasına çalışmış və ixtisas modullarının tədrisinin, eləcədə istehsalat təlimi keçirilməsinin gələcəkdə əyani formada təşkilini nəzərdə tutmuşdur. Bu prinsip nöqteyi- nəzərindən daha çox praktik yanaşma tələb etməyən ixtisaslar (əməliyyatçı – mühasib, kompüter operatoru, dayə, xalçaçı və.s) üzrə istehsalat təlimi dərsləri də əyani tədris olunmağa başlamışdır.

Tədris prosesi boyunca elektron dərslik və video.edu.az portalından, “Mədəniyyət” və “ARB Günəş” televiziya kanallarından yayımlanan teledərslərdən maksimum dərəcədə faydalanmaq üçün həmin dərslərin cədvəlinin və linklərinin müxtəlif vasitələrlə tələbələrə çatdırılması təmin olunmuşdur. “ARB Günəş” telekanalında təqdim edilən peşə dərslərinin, habelə,  “Mədəniyyət” telekanalında X-XI siniflər üçün  və planlaşdırılan gündəlik dərs cədvəlləri Mərkəz tərəfindən yaradılmış qruplara yerində və operativ yönləndirilir. Ümimiyyətlə, bütün elektron resursların yerləşdiyi portallar barədə məlumatlar da bu qayda ilə təhsilalanların diqqətinə çatdırılır.

Bütün bunlarla yanaşı, pandemiya dövründə pedaqoji kollektivlə birgə səylərimiz sayəsində 20-dən çox video-dərs çəkilərək Mərkəzimizin “Youtube” kanalında yerləşdirilmişdir. Həmin dərslərin mövzuları, bölgədə Mərkəzin əsas aparıcı hədəf qruplarından olan aqrar və turizm sektorlarını əhatə etmişdir. Bundan əlavə, müəllimlərimiz müxtəlif mövzulara həsr olunmuş slayd dərslər hazırlayaraq tələbələrə təqdim etmişlər. Həmin dərslərdə Mərkəzimizin “Facebook” və “İnstagram” kimi sosial şəbəkələrdəki səhifələrində yayımlanmışdır. Tələbələrimiz də, kiçik ölçülü video dərslər hazırlamış, bu dərslər də öz növbəsində Mərkəzin “Tələbə” kanalında yayımlanmışdır. Bütün bunları qeyd etməklə onu demək mümkündür ki, pandemiya şəraiti həm pedaqoji işçilərin, həm də tələbələrin informasiya texnologiyalarına münasibətini dəyişmiş və bu sahədə onların həm intellektual, həm də akademik bacarıqları diqqətəlayiq şəkildə inkişaf etmişdir.


Tədris dövründə tədrisi başa çatmış modullar üzrə qiymətləndirmələrin keçirilməsi üçün əyani dərslərin başlanması gözlənilmişdir. Hazırda həmin modullar üzrə həm təlim nəticələrinin qiymətləndirilməsi, həm də modulun qiymətləndirilməsi əyani və fərdi qaydada aparılır.
Müəllim və istehsalat təlimi ustaları distant tədrisin keçirilməsi ilə bağlı vaxtaşırı hesabatlar təqdim edirlər. Bundan əlavə, dərslərin ekran təsvirləri, tələbələrə verilmiş tapşırıq və təqdimatlar, dərsliklərdən fraqmentlər də bu hesabatlara əlavə edilir. İnternetlə əlaqə saxlanılması mümkün olmayan tələbələrlə fərdi iş aparmağa çalışırıq. Belə tələbələr pandemiyanın tələbləri gözlənilməklə, fərdi şəkildə dəvət olunur və müəyyən dövr üçün onlara tapşırıq verilir, dərslik mövcuddursa dərsliklə, mövcud deyilsə, müəllimin hazırladığı materiallarla təmin olunurlar.

Hazırda ümumtəhsil fənləri üzrə tələbələrin qiymətləndirilməsini aparmaq üçün hazırlanmış summativ qiymətləndirmə tapşırıqları “Teams” platformasına yüklənmiş, tələbələrin 85%-i onlayn qiymətləndirmədə iştirak etmişlər. Bunun nəticəsini “komanda"lara daxil olmaqla görmək mümkündür. Tədrisi başa çatmış cəmi 4 modul üzrə də onlayn qiymətləndirilmə aparılmış, qalan modulların qiymətləndirilməsinin isə əyani tədris başlanan dövrdə aparılması nəzərdə tutulmuşdur. Qiymətləndirmənin nəticələri barədə müəllimlər Mərkəz rəhbərliyinə arayışlar təqdim etmişlər.

Görülmüş işlərin nəticələri barədə təqdim olunmuş hesabat nümünələri bunu təsdiq edir ( nümunə verilir).

           

 Mərkəzimizin ali idarəetmə orqanı Pedaqoji Şuradır. Burada təhsil həyatının istisnasız bütün sahələrində fəaliyyətin təşkili müzakirə olunur,idarə olunması istiqamətləndirilir və müvafiq kollegial qərarlar qəbul edilir. Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin Pedaqoji Şurası əsaslı surətdə yenidən təşkil olunmuş, pandemiya dövründə xüsusi operativlik və məqsədyönlülük şəraitində işləmişdir.

 Cari tədris ilinin əvvəlindən indiyədək 3 onlayn Pedaqoji şura iclası keçirilmişdir. Həmin iclaslarda qərara alınmışdır ki, mühəndis-pedaqoji heyətin üzvləri onlayn tədris sahəsindəki fəaliyyətlərini əks etdirən həftəlik  hesabatlar təqdim etməlidirlər. Bu məqsədlə hər həftənin beşinci günü direktoryanı onlayn müşavirələr keçirilmiş, müşavirələrdə kollektivin fəailiyyəti qiymətləndirilmiş, mövcud qüsur və nöqsanların aradan qaldırılması yolları müzakirə edilmişdir. Hesabatlara əsaslanaraq həftə ərzində onlayn dərslərə qoşulmayan tələbələr aşkar edilmiş, onların valideynləri ilə əlaqə saxlanılmış və tədrisə cəlb olunmaları sahəsində müvafiq addımlar atılmışdır. Bunun nəticəsidir ki, bu gün onlayn dərslərə qoşulmayan tələbələrin sayı qruplar üzrə 15 %-dən çox deyildir. Həmin tələbələr də diqqətimizdən kənarda qalmamış, onlarla əlçatan platformalar üzərindən əlaqə saxlanılaraq lazımi  tapşırıqlar verilmişdir.

  

Tədrisin distant (məsafədən) təşkilinin, dərslərin təqdim olunma səviyyəsinin, habelə, təhsilalanların qoşulma (iştirak) intensivliyinin artım göstəriciləri daim Təhsil Mərkəzinin diqqət mərkəzində olmuşdur. Eyni zamanda tədris ilinin başlanmasından etibarən mühəndis-pedaqoji işçilərimiz tərəfindən cari qiymətləndirmə jurnalları hazırlanmış və bu jurnallarda davam edən tədris fəaliyyəti mövcud qaydalara uyğun olaraq müvafiq qeydlərlə əks olunmuşdur.

Mərkəzimiz postpandemiya  dövrünü yeni təşəbbüslərin ələ alınması və əzmkarlıq şəraitində başa vurmaq üçün qüvvələrini səfərbərliyə almışdır. İyirmi birinci əsrin iyirmi birinci ilinə Publik Hüquqi şəxs kimi yeni statusda daxil olan Təhsil Mərkəzinin qarşısında daha ciddi vəzifələr durur. Əmin etmək istərdim ki, mövcud şəraitin çətin reallıqlarının olmasına baxmayaraq kollektivimiz bu vəzifələrin öhdəsindən müvəffəqiyyətlə gələcəkdir.

“Məktəbin, müəllimlərin ən əsas vəzifəsi bizim cəmiyyətimizə, xalqımıza, ölkəmizə dəyərli vətəndaşlar hazırlamaqdır.”

Heydər Əliyev