Tədbirdə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Çıxış edənlər bildirmişlər ki, tarixin bu qara səhifəsi əbədi olaraq, hər bir azərbaycanlı üçün, dünyanın hansı nöqtəsində olmasından asılı olmayaraq ümumilli matəm günü kimi qalacaq. Bu faciədə qohumlarını, yaxınlarını və soydaşlarını itirən hər bir kəs 20 Yanvar tarixini gözü yaşlı keçirir. 20 Yanvar Azərbaycan vətəndaşının yaddaşına müstəqilliyin qazanılması uğrunda mübarizənin zirvəsi kimi əbədi olaraq həkk olunmuş bir tarixdir.
20 Yanvar xalqımızın “Qanlı” tarixi olduğu kimi, 44 günlük Vətən Müharibəsi isə Azərbaycan xalqının “Şanlı” tarixidir. Bu yolda canlarından keçən şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfa diləyirik.
Mərkəzin İstehsalat Təlim Ustaları tərəfindən təşkil edilən tədbirdə “Qənnadçı, şirniyyatçı” ixtisasının tələbələri Nurtac Həsənzadə, Elnaz Həsənzadə “Turizm sahəsində iaşə üzrə mütəxəssis” ixtisasının tələbəsi Sadiq Yusifov və “Aşpaz” ixtisasının tələbəsi Polad İsmayılzadə “20 Yanvara” həsr olunmuş səhnəciklər nümayiş etmiş və “Şəhidlər Xiyabanı” adlı mahnı səsləndirmişlər.
Tədbirin gedişində video-çarxlar izlənilmiş, Mərkəzin nəzdində yerləşən “Günərzi Qayğı Mərkəzinin” azyaşlı körpələri tərəfindən şeirlər söylənilmişdir.
Tədbirin sonunda Mərkəzin Tədris İstehsalat İşləri üzrə direktor müavini çıxış edərək, 20 Yanvar hadisələrinin xalqımızın tarixində təkcə faciə deyil, həm də istiqlal mücadiləsinin qələbəsi, milli məfkurəmizin azadlıq istəyinin oyanış günü olmasından, Sovet imperiyasının əsarətində yaşamağa məhkum olan xalqın azadlıq səsini ucaltdığı, öz suverənliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir qan yaddaşımızdan danışmışdır.