Tədbirdə Qəbələ şəhər 2 saylı tam orta məktəbin müəllim və şagird heyəti, gənclər, QHT nümayəndələri, ictimai fəal şəxslər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan layihə rəhbəri Anar Məhərrəmov Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi, “Sosial İqtisadi İnkişafa Dəstək” İB, layihənin məqsədi, vəzifələri, peşə təhsilinin məşğulluğun artırılması və iqtisadiyyatın inkişafındakı rolu, gənclər təşkilatlarının diqqətinin peşə təhsilinin təbliğinə cəlb edilməsinin vacibliyi, regionda peşə təhsilinin təbliği üzrə sistematik maarifləndirmə işinin aparılmasının zəruriliyi və tədbirin proqramı haqda ətraflı məlumat verib.
Layihənin eksperti, Qəbələ DPTM-nin direktor müavini Reyhan Məmmədova tərəfindən peşə təhsilinin fəaliyyət istiqamətləri, peşə seçimi və karyera, düzgün peşə seçiminin əhəmiyyəti, peşə təhsilinin prespektivləri, peşə təhsilində təhsil pillələri, peşə təhsil müəssisələrində təhsil müddəti və s. haqqında geniş məlumat verib.
Qəbələ şəhər 2 saylı tam orta məktəbin direktor müavini Nigar Yusifova tədbirin təşkilinə görə təşəkkür etdi, Peşə təhsili müəssisələrinə qəbulun yeni başladığı zamanda belə tədbirlərinin əhəmiyyətini vurğuladı, peşə təhsilinin təbliği üzrə tədbirlərin davamlı təşkilinin zəruriliyini diqqətə çatdırıb.
Sonda Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində infotur həyata keçirilib. İştirakçılar emalatxanalar, dəzgahlar, sinif otaqları, ümumi olaraq Mərkəzin ərazisi, Təhsil Mərkəzinin maddi-texniki bazası ilə yaxından tanış oldular, master-klasslarda iştirak etdilər, onlar “Aşpaz”, “ Qənnadçı-şirniyyatçı”, “Dülgər”, “Qaynaqçı”, “Dərzi”, “Xalçaçı” və digər ixtisaslar üzrə ətraflı tanış olublar.
Mərkəzdə həm turizim, həm aqrar sahə, həm də sənayenin digər sahələri üzrə kadrların hazırlanması haqda ətraflı məlumat verildikdən sonra Qəbələ DPTM-nin uğurlu məzunları peşə sahələri üzrə bacarıqlara necə sahib ola biləcəkləri haqqında öz məsləhət və tövsiyyələrini verdilər və uğur hekayələrini danışdılar.
Layihə çərçivəsində tədbirlər 10 avqust 2023-cü il tarixinədək davam edəcək, tədbirlərdə Qəbələ rayonunda fəaliyyət göstərən 8 ümumtəhsil məktəbindən 300-dən çox şagirdin iştirakı təmin ediləcəkdir.