8-10 fevral 2022-ci il tarixlərində Almaniyanın Federal İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyi (BMZ) tərəfindən maliyyələşən “Cənubi Qafqazda Özəl Sektorun İnkişafı və Texniki Peşə Təhsili və Təlimi” (PSD TVET) proqramının təşkilatçılığı ilə Quba və Xaçmaz Məşvərət Şurası üzvlərinin Qəbələ və İsmayıllıya mübadilə səfəri keçirilmişdir.
Mübadilə səfərinin məqsədi Məşvərət Şurasının və onun üzvlərinin funksiyalarını öyrənmək, Qəbələ və İsmayıllı peşə təhsil müəssisələrində dualabənzər peşə kurslarının tətbiqi təcrübəsini öyrənmək, Qəbələ və İsmayıllıda özəl şirkətlərin təcrübə prosesinin təşkili və məktəblərlə əməkdaşlıqla bağlı təcrübələrini bölüşmək olub. Mübadilə səfərində Quba Peşə Liseyi və Xaçmaz Peşə Məktəbinin direktor müavinləri, KOBİA-nın Quba və Xaçmaz rayonları üzrə koordinatorları, o cümlədən Qafqaz Konserv Zavodu, Yalama Aqropark, Arktika və Evrokart şirkətlərinin nümayəndələri müvafiq məktəblərin Məşvərət Şurasının üzvləri kimi iştirak ediblər.
3 günlük proqramda Qəbələ Məşvərət Şurası sədrinin Məşvərət Şurası və üzvlərinin funksiyaları haqqında təqdimatı, Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi və İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzində səfərlər, Tufandağ otelində, Gilan Aqrotech servisdə, Qəbələdəki Gilan südçülük fermasında, İsmayıllıda Chabiant şərab zavodunda görüşlər və müzakirələr aparılıb. Səfər özəl sektorla peşə məktəbləri arasında uzunmüddətli davamlı əməkdaşlığın qurulmasına dair əldə edilmiş təcrübələrin, təkliflərin və gələcək planların səmərəli müzakirəsi ilə başa çatıb.
PSD TVET layihəsi 2017-2023-cü illər üçün nəzərdə tutulub. Layihənin məqsədi məşğulluq üçün uyğun seçilmiş sektorlarda davamlı iqtisadi inkişaf üçün şəraitin yaxşılaşdırılmasıdır. Proqram məşğulluq üçün müvafiq sektorlarda rəqabət qabiliyyətini gücləndirmək, özəl və dövlət sektorların nümayəndələrinin əməkdaşlığını təkmilləşdirmək və özəl sektorun davamlı inkişafı və dualabənzər peşə təhsili sahəsində regional və beynəlxalq təcrübə mübadiləsini gücləndirmək məqsədi daşıyır. Peşə Təhsili üzrə Dövlət Agentliyi, Dövlət Məşğulluq Agentliyi, özəl sektor, Qax, Qəbələ, İsmayıllı, Quba, Xaçmaz və Gəncədə fəaliyyət göstərən peşə təhsil müəssisələri ilə sıx əməkdaşlıq nəticəsində 6 uzunmüddətli və 14 qısamüddətli peşələr birgə yaradılmış, dualabənzər PTT-yə uyğun olaraq təsdiq edilmiş və sınaqdan keçirilmişdir.