Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində Azərbaycan Gənclər Fondu / Azerbaijan Youth Foundation maliyyə dəstəyi, Əbədi Birlik Gənclər İctimai Birliyinin, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qəbələ nümayəndəliyinin, İntellektual İnkişaf Naminə İctimai Birliyin tərəfdaşlığı ilə həyata keçirilən, “ 44 Gündə Qızıl Tarix Yazanlar” layihəsinin açılış tədbiri keçirilib.
Qəbələ Rayon İcra Hakimiyyətinin, YAP Qəbələ rayon təşkilatının, Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin, idarə, müəssisə və təşkilatların, rayon ictimayyətinin nümayəndələri Ulu Öndər Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsini ziyarət etmiş, abidə önünə gül dəstələri düzərək dahi rəhbərin xatirəsinə böyük hörmət və ehtiramlarını bildirmişlər.
Daha sonra Qəbələ Rayon Şəhidlər Xiyabanı kompleksini ziyarət edərək, şəhidlərin xatirəsini böyük ehtiramla yad etmiş, məzarların üzərinə və xatirə lövhələrinin qarşısına gül dəstələri düzmüş, şəhidlərin ruhuna dualar oxunmuşdur.
Ziyarətlər bitdikdən sonra Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində parlaq vətən müharibəsi zəfərindən sonra yeniyetmə və gənc nəslin milli köklərimizə bağlılıq, vətənpərvərlik, dövlətçiliyə sədaqət ruhunda tərbiyə olunması məqsədilə Polkovnik Zavir Zərbəliyev və Psixoloq Tahirə Əsgərovanın təqdimatında gənclərə Ordu quruculuğu və hərbiyə psixoloji hazırlıq haqqında təlimlər keçirilib.
Tədbirə başlamazdan əvvəl torpaqlarımızın azadlığı, suverenliyi uğrunda şəhid olmuş Vətən övladlarının əziz xatirəsini 1 dəqiqəlik sükutla yad edilib daha sonra dövlət himnimiz səsləndirilib. Çıxış zamanı layihə rəhbəri Xəyal Məmmədəliyev bildirib ki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin rəhbərliyi ilə “Dəmir yumruq” əməliyyatı ilə 44 gün davam edən Vətən Müharibəsində Azərbaycan Ordusu yüksək döyüş bacarığını nümayiş etdirərək bütün dünyaya öz gücünü, qüdrətini göstərdi. Ermənistan və havadarları tərəfindən işğal olunmuş torpaqlarımız əsgər və zabitlərimizin qanı və canı bahasına azad edildi. Bu, Prezident Cənab İlham Əliyev tərəfindən son 19 il ərzində həyata keçirilən “Güclü ordu – güclü dövlət” strategiyasının və «Dəmir yumruq» siyasətinin nəticəsidir.