2021/2022-ci tədris ilindən başlayaraq  peşə təhsili pilləsində təqaüdlər təhsil nəticələrinə əsasən verilir.

Bununla bağlı “Peşə təhsili müəssisələrində, təhsil alan tələbələrə təqaüdlərin verilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 14 fevral tarixli 961 nömrəli Sərəncamında və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 38 nömrəli Qərarı ilə təsdiq edilmiş “Peşə təhsili müəssisələrinin, tələbələrinə təqaüdlərin təyin olunması və ödənilməsi Qaydası”nda müvafiq dəyişikliklər edilmişdir.

Qanunvericilik aktlarına edilmiş dəyişikliklər peşə təhsili müəssisələrində təhsilin keyfiyyətinin yüksəlməsinə, tədris prosesində tələbələrin fəallığının artırmasına və onların təhsilə marağının stimullaşdırmasına müsbət təsir etməklə yanaşı tələbələrə dövlət qayğısını artırmılmasına və onların sosial müdafiəsini daha da gücləndirilməsinə xidmət edir. Peşə təhsilində təhsil nəticələrinə əsaslanan diferensiallaşmış təqaüd sistemi dövlət sifarişi ilə təhsil alan tələbələrlə yanaşı ödənişli əsaslarla təhsil alan tələbələrə də şamil ediləcəkdir. Bundan sonra təqaüdün verilməsində yeganə göstərici təhsil nəticələri olacaqdır. Bu yanaşmanın tətbiqi peşə təhsilinə akademik göstəriciləri daha yaxşı olan abituriyentlərin marağının artmasına şərait yaradacaqdır.

Qeyd edək ki, ötən dövrdə peşə təhsil müəssisələrində dövlət hesabına təhsil alan tələbələrə təhsil müddətində vahid məbləğdə, yəni  aylıq olaraq  50 manat məbləğində təqaüd ödənilirdi. Son dəyişikliklərə əsasən təqaüdün aylıq məbləği təhsil nəticələrindən asılı olaraq aşağıdakı kimi fərqləndirilmişdir. Belə ki, peşə təhsili pilləsində akademik göstəriciləri “5” (yüksək texniki peşə təhsili səviyyəsində 91 – 100 bal) olan tələbələrə – 90 manat, akademik göstəriciləri “4” və “5” (yüksək texniki peşə təhsili səviyyəsində 71 – 100 bal) olan tələbələrə – 72 manat və akademik göstəriciləri “3” – “5” (yüksək texniki peşə təhsili səviyyəsində 51 – 100 bal) olan tələbələrə – 60 manat aylıq təqaüd ödəniləcəkdir.

 Hər bir tədris ili üçün ixtisas üzrə təqaüd almaq hüququ olan tələbələrin siyahısında sıralamada sonuncu yerə bir neçə iddiaçı olduğu halda, birinci tədris ilinin ikinci yarımilində ümumi orta və tam orta təhsil səviyyələri üzrə məzunların buraxılış imtahanında əldə etdiyi nəticə və ya orta ixtisas təhsili müəssisələrinə ümumi orta və tam orta təhsil bazasında qəbul imtahanından topladığı bal, sonrakı yarımillərdə isə əvvəlki yarımildəki aralıq qiymətləndirmənin nəticəsi yüksək olan tələbəyə üstünlük veriləcəkdir.