Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən “Sənətin varsa, Sənədin olacaq” layihəsi çərçivəsində daha bir təltifetmə tədbiri həyata keçirilmişdir.

Qəbələ şəhərinin Gabala Garden Hotelində təşkil olunan tədbirdə qiymətləndirmə prosesində uğurlu nəticə əldə etmiş ərizəçilərlə yanaşı, regionda fəaliyyət göstərən işəgötünən nümayəndələr də iştirak edib. Agentliyin Qeyri-formal və informal təhsilin tanınması şöbəsinin müdiri Samirə Quliyeva ölkəmizdə qeyri-formal və informal yollarla əldə edilmiş bilik, bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsi və tanınması prosesinin önəmi, işəgötürənlərin prosesdəki rolu və maraqları barədə təqdimatla çıxış etmişdir.

Agentliyin regiondakı rəsmi tərəfdaşı olan, Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Qalib Nəbiyev peşə təhsilinin ölkəmizdəki cari vəziyyəti, eləcə də formal təhsil ala bilməyən, müxtəlif peşə sahələrində çalışan vətəndaşların peşəkar fəaliyyətinə dəstək olan “Sənətin varsa, sənədin olacaq” layihəsinin cəmiyyət üçün əhəmiyyətindən danışmışdır.

Tədbir zamanı “Baytar texniki” peşə ixtisası üzrə Qiymətləndirmə Komissiyasının üzvü Vüsal Abbasova prosesdəki səmərəli əməkdaşlığına görə təşəkkürnamə təqdim edilib. Əlavə olaraq, Samirə Quliyeva Qəbələ Aqropark MMC-nin direktoru Sərdar Hacıyeva müəssisənin praktiki imtahanda göstərdiyi təşkilati dəstək üçün minnətdarlığını bildirmişdir.

Sonda qeyri-formal və informal təhsilin qiymətləndirilməsi və tanınması üzrə sertifikatlar təqdim olunaraq, tədbir iştirakçıları ilə xatirə fotosu çəkilmişdir.

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.