Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə Türkiyə Respublikasının Milli Təhsil Nazirliyinin nümayəndə heyəti Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin fəaliyyəti ilə tanış olmuşlar. Görüş zamanı, 2021-ci il 19 fevral tarixində imzalanan “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında peşə təhsil sahəsində əməkdaşlığa dair Protokol” çərçivəsində iki ölkə arasında bu sahədə əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində bir sıra mühüm məsələlər ətraflı müzakirə edilib. Tərəflər müvafiq Protokol əsasında peşə təhsili üzrə əməkdaşlığın genişləndirilməsi məsələsinin vacibliyini vurğulayıb və yaxın zamanda Azərbaycanda Türkiyə Respublikasının təcrübəsinə əsaslanan iki yeni peşə təhsil müəssisəsinin yaradılmasını qeyd edib.
Peşə təhsili müəssisələrinin binaları, peşə təhsili müəssisələrinə məxsus obyektlər və digər maddi aktivlərdən ibarət əmlakı Azərbaycan tərəfinə aiddir və Türkiyə tərəfi ilə birgə idarə olunacaq.
Peşə təhsili müəssisələrinin qrup sayları, qruplarda tələbə sayı, emalatxana və laboratoriyaların sayı, tədris ləvazimatları, material və avadanlıq ehtiyacları, idman zalı, yataqxananın fiziki vəziyyəti, müəllim heyəti, tədris proqramı, tədris materialları, həftəlik dərs cədvəllərinin hazırlanması, ehtiyac olduqda yenilənməsi və təhsil fəaliyyətləri üçün lazımi şərtlər Türkiyədəki peşə təhsili təcrübəsi əsas götürülərək və tərəflərin qarşılıqlı razılığına əsasən müəyyən ediləcək.
Sənədə əsasən, sözügedən peşə təhsili müəssisələrində təhsilini başa vuran tələbələrə Azərbaycan və Türkiyənin milli qanunvericiliklərinə uyğun olaraq iki diplom veriləcək.
Tərəflər bu peşə təhsili müəssisələri tərəfindən verilən diplom, transkript, sertifikat və digər sənədləri qarşılıqlı olaraq tanıyacaqlar.
Görüşün sonunda hər iki tərəfin nümayəndələri qarşılıqlı xatirə hədiyyələri təqdim edib.