Qəbələ Peşə məktəbində təqdimat
Azərbaycan Respublikası Təhsil Nazirinin əmri ilə məktəbimizdə bu tədris ilindən modul təlimi üzrə yeni ixtisaslar bitkiçilik mütəxəssisi, heyvandarlıq mütəxəssisi və aqroservis mütəxəssisi fəaliyyətə başlayacaqdır. Həmin ixtisasların geniş ictimaiyyata təqdim edilməsi məqsədilə 2 sentyabr 2016-cı il tarixdə Qəbələ Rayon İcra Hakimiyyətinin və Təhsil Nazirliyinin təşkilatçılığı ilə Qəbələ şəhərində “Karvansaray” oteldə təqdimat mərasimi keçirilmişdir. Tədbirdə rayon İcra Hakimiyyətinin və Təhsil Nazirliyinin məsul şəxsləri, British Council şirkətinin nümayəndəsi, Almaniya Texniki Əməkdaşlıq Cəmiyyətinin Azərbaycan nümayəndəliyi və BMT-nin İnkişaf Fondunun nümayəndəsi və rayonumuzun idarə, müəssisə rəhbərləri, iş adamları, fermerlər iştirak edirdilər.
Tədbiri giriş sözü ilə Qəbələ rayon İcra Hakimiyyəti Başçısının müavini Ari Allahverdiyev açaraq bildirdi ki, peşə məktəbi rayonumuzda ixtisaslı sənətkar hazırlayan tədris müəssisəsidir. Bu tədris ilində həmin məktəbdə yeni ixtisaslar üzrə kadrlar hazırlanacaqdır. Rayonumuzda Peşə Tədris Kompleksi inşa edilir və yaxın vaxtlarda həmin kompleksdə inşaat işləri başa çatdırılacaqdır.
Sonra təqdimat üçün söz Təhsil Nazirliyinin əməkdaşı Pərviz Yusifova verildi. O, yeni ixtisasların təqdimatını etdi və bildirdi ki, ölkədə kənd təsərrüfatının inkişafı və kənd təsərrüfatı üzrə ixtisaslı kadr hazırlığı prioritet məsələdir. Həmin ixtisaslar üzrə tədris planları və modullar üzrə dərs vəsaitləri BMT-nin İnkişaf Fondunun, British Council və BP şirkətlərinin maliyyə dəstəyi ilə hazırlanmışdır.
Daha sonra Təhsil Nazirliyinin İlk peşə-ixtisas təhsili sektorunun məsul işçisi Məcid Bayramlı peşə təhsilinin inkişafına dövlət qayğısından danışarkən bildirdi ki, ölkəmizdə kənd təsərrüfatının inkişafı vacib sahədir və bu sahədə kadr çatışmazlığını məhz belə ixtisaslar üzrə kadr hazırlamaqla aradan qaldırmaq mümkündür.
Çıxış edənlər bildirdilər ki, yeni ixtisaslar üzrə tədrisdə müasir təlim metodlarından istifadə ediləcəkdir və bu sahədə Beynəlxalq qurumlar da bizə öz dəstəklərini nümayiş etdirirlər.