İlk peşə-ixtisas təhsili müəssisələri ilə bağlı brifinq
Oktyabrın 19-da Təhsil Nazirliyində ilk peşə-ixtisas təhsili müəssisələrinin rasionallaşdırılması ilə bağlı mətbuat üçün brifinq keçirilib.
Brifinqdə məlumat verilib ki, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na uyğun olaraq Nazirlər Kabineti tərəfindən Bakı və Gəncə şəhərləri üzrə ilk peşə-ixtisas təhsili müəssisələri şəbəkəsinin rasionallaşdırılması ilə bağlı qərar qəbul edilib.
Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Famil Mustafayev bildirib ki, rasionallaşdırma nəticəsində bir sıra strateji istiqamətdə fəaliyyətin həyata keçirilməsi nəzərdə tutulur. Bu prosesin həyata keçirilməsi ilk peşə-ixtisas təhsili sisteminin mövcud idarəolunma strukturunun bazar iqtisadiyyatı prinsipləri ilə uzlaşmasını təmin etmək, maddi-texniki və tədris bazasını yeniləmək məqsədi daşıyır.
Ölkədə qeyri-neft sektorunun inkişafı ilə bağlı şaxələnmiş iqtisadiyyatın tələblərinə uyğun müxtəlif peşə istiqamətləri üzrə ixtisaslaşmış Dövlət Peşə Təhsil mərkəzləri yaradılacaq və həmin mərkəzlərdə müasir tələblərə uyğun idarəetmə tətbiq ediləcəkdir. Yeni Peşə Təhsil mərkəzlərinin fəaliyyəti dövlət-biznes tərəfdaşlığı prinsiplərinə əsaslanaraq, əmək bazarının dəyişən tələblərinə uyğun işəgötürənlərlə qarşılıqlı əməkdaşlıq çərçivəsində həyata keçiriləcək.
Peşə təhsili sahəsində beynəlxalq təşkilatlarla (BMT, Avropa İttifaqı, Avropa Təlim Fondu, “British Council”, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti, Koreya İqtisadi Əməkdaşlıq Fondu, Asiya İnkişaf Bankı və s.) birgə mövcud olan qabaqcıl təcrübə öyrənilərək Peşə Təhsil mərkəzlərinin idarə edilməsi və ixtisaslı kadr hazırlığı prosesinin təşkilində istifadə olunacaq.
Bildirilib ki, Peşə Təhsil mərkəzlərində təhsil almaq istəyənlərin asan qəbulu (“ASAN peşə” layihəsi) təmin olunacaq və uğurlu nəticələr əldə etmiş məzunların təhsilin varisliyi prinsipinə uyğun olaraq digər təhsil pillələrinə asan keçidi mexanizmi işlənəcək.
Peşə təhsil mərkəzlərində əmək bazarının və cəmiyyətin tələblərinə uyğun ömür boyu təhsilin təmin edilməsi üçün yaşlıların təhsili, ixtisasartırma, yenidən hazırlanma kimi təhsil xidmətləri göstərilməklə təhsilin hamı üçün əlçatanlığı təmin ediləcək.