Bu gün Qəbələ Peşə məktəbində Xocalı faciəsinin 25-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.
Xocalı soyqırımında həlak olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra ən qəddar və amansız terror hadisələrindən biri olan Xocalı soyqırımı haqqında danışıldı. Bildirildi ki, Xocalı soyqırımı 200 ildən artıq müddətdə erməni millətçiləri tərəfindən xalqımıza qarşı aparılan etnik təmizləmə və soyqırımı siyasətinin qanlı səhifəsidir.
1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə Dağlıq Qarabağda erməni quldur birləşmələri keçmiş sovet ordusuna məxsus 366-cı alayın əsgər və zabitləri ilə birlikdə Xocalı şəhərini yerlə-yeksan edib, dinc əhalini, xüsusilə uşaqları, qadınları, qocaları, ağlasığmaz vəhşiliklə öldürüblər.
Çıxış edənlər qeyd etdilər ki, ümummilli liderimiz Heydər Əliyev hakimiyyətə gəldikdən sonra Azərbaycan hökuməti və parlamenti Xocalı soyqırımı haqqında həqiqətləri dünya dövlətlərinə, parlamentlərinə və beynəlxalq təşkilatlara çatdırıblar. Sonra müəllimlər soyqırımı ilə bağlı fikirlərinin bölüşüb, tarixi fakt və sənədlərə istinad ediblər.
Tədbir şagirdlərin Xocalı faciəsinə həsr olunmuş şeirləri səsləndirmələri ilə başa çatıb.