Tədbiri giriş sözü ilə Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin direktor müavini Reyhan Məmmədova açaraq, şəhid Ümman Əmiraslanovun timsalında bütün Vətən fədailərinin cəmiyyətdə böyük hörmətə və diqqətə layiq olduqlarını qeyd etmişdir. Ardınca şəhidlərimizin xatirəsi 1 dəqiqəlik sükutla yad edilmişdir.
Tədbirin gedişində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin çıxışı ətrafında qurulmuş kompozisiya üzrə hazırlanmış videoçarx təqdim edilmişdir. Sonra tanınmış ilahiyyatçı Mehman Şəfiyev çıxış edərək, şəhid Ümman Əmiraslanovun 44 günlük şanlı Vətən müharibəmizin zəfər salnaməsinə verdiyi dəyərli töhfələrdən danışıb və onun şəhadətinin ibrətamiz məqamlarından bəhs etmişdir.
Ardınca “Ümman” rədifli şeirə yazılmış mahnı üzərində qurulmuş videokompozisiya nümayiş etdirilmişdir.
Tədbirdə həmçinin şəhidin valideynləri Namiq Əmiraslanov və Fəzilə Əmiraslanova çıxış edərək, şəhid övladlarının ömür kitabının ən həzin xatirə səhifələrini tədbir iştirakçıları ilə bölüşmüşdürlər.
Tədbirdə Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin müəllimi, İkinci Qarabağ müharibəsi veteranı, tarixçi – pedaqoq İlham Əfəndiyev, Qəbələ Televiziyasının əməkdaşı jurnalist Sərraf Əfəndiyev və şəhid atası Cəlil Xeyirbəy də çıxış etmişdirlər. Onlar öz çıxışlarında şəhid Ümman Əmiraslanovun Vətən qarşısındakı xidmətlərini səciyyələndirərək, onun ucaldığı şəhidlik zirvəsinin möhtəşəmliyini vurğulamışdırlar.