26 noyabr 2019-cu il tarixdə Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində “Gənclər narkotik əleyhinədir” mövzusunda tədbir keçirilmişdir. Tədbiri Təhsil Mərkəzinin direktoru, iqtisad elmləri namizədi Namik Muradov açaraq, narkomaniyanın zərərləri və tədbirin məqsədi barədə iştirakçılara məlumat verdi.
Sonra “Narkomaniyaya və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Dövlət Komissiyası”nın Milli İnformasiya sektorunun baş məsləhətçisi Şahin İsmayılov çıxış edərək qeyd etdi ki, narkomaniya beynəlxalq ictimaiyyəti ən çox narahat edən məsələlərdən biridir. Bu dəhşətli xəstəliyin nəticələri qlobal fəlakətə gətirib çıxara bilər. Bəşəriyyəti düşündürən bu bəla ilə mübarizə sahəsində Azərbaycan Respublikasında da bir çox məqsədyönlü işlər aparılır. Ölkəmizdə narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıqla mübarizə sahəsində dövlət siyasətinin strateji istiqamətləri müəyyən olunmuş, təşkilati-hüquqi, institusional və praktiki tədbirlər həyata keçirilmişdir.
Tədbirdə “Narkomaniyaya və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Dövlət Komissiyası”nın Milli İnformasiya sektorunun müdiri Raquf Allahverdiyevin təqdimatı iştirakçılarda geniş maraq oyatdı. O qeyd etdi ki, Narkomanlıq – narkotiklərin qanunsuz dövriyyəsinin coğrafiyası kimi sərhəd tanımır. Bu dəhşətli xəstəlik dinindən, dilindən, irqindən, sosial vəziyyətindən asılı olmayaraq hamı üçün eyni dərəcədə təhlükəlidir; o, cinayətkarlığı, zorakılığı və korrupsiyanı yaradır, QİÇS-in sürətlə artmasına təkan verir, sosial-iqtisadi inkişafı ləngidir, ailələri dağıdır, sosial partlayışlara sürükləyir.
Tədbirdə Qəbələ rayon İcra Hakimiyyətinin, Qəbələ rayon Polis Şöbəsinin və Gənclər və İdman İdarəsinin əməkdaşları da iştirak edirdilər.