05 fevral 2020-ci il tarixdə Qəbələ Uşaq və Ailələrə dəstək Mərkəzinin təşkilatçılığı ilə Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində “Narkomaniyaya yox deyək” mövzusunda tədbir keçirilmişdir. Tədbirdə Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin müəllim və tələbə kollektivi, UADM-nin, Qəbələ RPŞ-nın əməkdaşları iştirak etmişdir.
Tədbiri Təhsil Mərkəzinin direktoru, iqtisad elmlər namizədi Namik Muradov açaraq, narkomaniyanın zərərləri və tədbirin məqsədi barədə iştirakçılara məlumat verdi.
Sonra Qəbələ Uşaq və Ailələrə dəstək Mərkəzinin müdiri Günel Ağayeva çıxış edərək qeyd etdi ki, narkomaniya beynəlxalq ictimaiyyəti ən çox narahat edən məsələlərdən biridir. Bu dəhşətli xəstəliyin nəticələri qlobal fəlakətə gətirib çıxara bilər.
Tədbirdə Qəbələ RPŞ-nın əməkdaşı Azər Hüseynov çıxış edərək, bu qlobal problemin tarixi barədə məlumat verərək qeyd etdi ki, ötən yüzilliyin bəlalarından sayılan narkomaniya təəssüflər olsun ki, XI əsrdə də qlobal problemler sırasında qalmaqdadır. Narkomanlığın tarixi çox qədimdir. Hələ eramızdan əvvəl narkotik tərkibli vasitələr haqqında məlumatlara yunan, roma, ərəb alim və həkimlərinin əsərlərində rast gəlinir. Avropa və Asiya qitələrində məskunlaşmış xalqların mifologiyasında yağlı xaşxaş insanların ağrı və əzablarının qənimi kimi qavranılmış, xaşxaş qozasından alınan şirə (tiryək) isə həmişə tibbi məqsədlər üçün istifadə edilmişdir. Ümumiyyətlə, BMT-nin hesablamalarına görə, bu gün dünyada təqribən 250 milyona yaxın insan narkotiklərdən bu və ya digər formada əziyyət çəkir.
Tədbirdə, həmçinin, Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin psixoloqu Zenfilə Hüseynova də çıxış etmişdir.
Tədbirin sonunda videoçarx nümayiş etdirildi və tələbələrin sualları cavblandırıldı.