25 aprel 2019-cu il tarixində Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində “Plastik tullantılar və onların ətraf mühitə mənfi təsiri”nə dair maarifləndirici tədbir keçirildi. Tədbiri Təhsil Mərkəzinin biologiya müəllimi Turanə Çələbizadə və kimya müəllimi Nigar Məmmədova aparırdılar. Müəllimlər plastik tullantıların ətraf mühitə təsiri barədə hazırlanmış təqdimat vasitəsilə iştirakçılara məlumatlar verdilər. Qeyd olundu ki, maddi baxımdan ucuz və istifadəsinin praktik olması plastikə olan tələbatın artma səbəblərindən biridir. İnsan orqanizminə, canlılara və təbiətə zərər verən plastik məhsulların gündən-günə çoxalması ekoloji baxımdan əsas problemlərdən biridir.
Eyni zamanda iştirakçılara bir çox inkişaf etmiş ölkələrdə plastik qablaşdırıcılardan istifadənin azaldılması istiqamətində görülən tədbirlər haqqında məlumat verildi. Tədbirin sonunda iştirakçılara “Siz ətraf mühiti qorumaq məqsədilə plastik tullantılardan necə istifadə edərdiniz?” sualı ilə müraciət olundu. Tələbələr bununla bağlı maraqlı ideyalar irəli sürdülər. Bunlardan ən maraqlısı isə “Mərkəzimizdə plastik tullantılar üçün sahə” yaradılsın ideyası oldu.
Tədbirdə məktəbin müəllimləri çıxış edərək tədbirin çox əhəmiyyətli olduğunu qeyd etdilər. Sonda Mərkəzin direktoru Azad Məmmədov çıxış etdi.