Müəllifləri Mirhəsən Ağayev və Nigar Babayevanın olduğu kitabın təqdimat mərasimində şəhid Ağaşirin Babayevin valideynləri, yaxın qohumları, Qəbələ şəhid ailələrinin üzvləri, rəsmi dövlət strukturlarının və ictimai təşkilatların təmsilçiləri, qonaqlar, ziyalılar, habelə Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin mühəndis- pedaqoji heyəti və tələbələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin direktor müavini Reyhan Məmmədova açaraq, şəhid Ağaşirin Babayevə həsr olunmuş kitabı “Konstitusiya və Suverenlik İli” nə ən dəyərli töhfələrdən biri kimi qiymətləndirib. O, həmçinin qeyd edib ki, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canını fəda edən igid oğullarımıza həsr olunmuş kitablar onların adlarının əbədiləşdirilməsi istiqamətində çox mühüm təbliğat vasitəsidir.
Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ardınca şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
Ardınca Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyevin çıxışının olduğu videoçarx nümayiş etdirilib.
Şəhidin valideynləri Firuz Babayev və Əsli Babayeva öz çıxışlarında öncə tədbirdə iştirak edən şəxslərə və kitabın müəlliflərinə təşəkkür edərək, şəhid oğllarının Vətən qarşısındakı xidmətlərindən qürur duyduqlarını söyləyiblər.
Tədbirdə həmçinin şəhid Ağaşirin Babayevə həsr olunmuş videoçarx nümayiş etdirilib.
Ardınca Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin tələbələrinin ifasında şəhid Ağaşirin Babayevə həsr olunmuş şeir nümunələri təqdim olunub. Tədbirin gedişatında “Açılmamış solan gülüm” kitabının müəllifləri Mirhəsən Ağayev və Nigar Babayeva çıxış edərək, kitab barədə ətraflı məlumat veriblər.
Tədbir təqdimatı keçirilən kitabın iştirakçılara paylanılması ilə yekunlaşıb.
https://www.facebook.com/share/p/1JEsc9m3ov/
https://www.instagram.com/p/DEzb28lMj6_/?igsh=MXBhMTBqZ29kbHNwbw==