“Kənd Qadınlarına Qayğı” İctimai Birliyi “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Sosial Xidmətlər Agentliyinin maliyə dəstəyi ilə” Qəbələ Günərzi Qayğı Mərkəzi yaradılmışdır.
Uşaqlar üçün Qəbələ günərzi qayğı mərkəzinin yaradılmasının əsas məqsədi çətin həyat şəraitində olan uşaqların və ailələrin sosial xidmətlərə çıxışının təmin edilməsi, uşaqların inkişafı, asudə vaxtının səmərəli keçirilməsi, yerli icma səviyyəsində sosial uyğunlaşması və inteqrasiya hüquqlarının təmin edilməsinə, çətin həyat şəraitində olan ailələrə dəstək, uşaqların fərdi ehtiyaclarına və bacarıqlarına uyğunlaşdırılmış kompleks tədbirlərin həyata keçirilməsidir.
Eyni zamanda Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində “Dayə” ixtisası üzrə təhsil alan tələbələr mərkəzdə praktik olaraq istehsalat təlimləri keçir, nəzəri dərslərdən öyrəndiklərini təcrübədə tətbiq edirlər. Digər tərəfdən, qənnadçı, şirniyyatçı və aşpaz ixtisası üzrə təhsil alan tələbələr Mərkəzin yeməkxanasında uşaqlar üçün şirniyyat və yeməklərin hazırlanmasında yaxından köməklik göstərirlər.
Mərkəzdə 3-6 yaş və 6-12 yaş arası uşaqlar 2 qrupda 30 nəfər ( hər qrupda 15 nəfər olmaqla) yerləşdirilmişdir. Onların davranış emosianal və fiziki inkişafına, sosial uyğunlaşmasına yardım etmək, uşaqlarda özünəxidmət və ünsiyyət üzrə praktiki məişət vərdişlərini inkişaf etdirmək günərzi mərkəzi işçilərinin əsas vəzifələrindəndir.
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin rəhbərliyi və qonaqlar Günərzi Mərkəzinin fəaliyyəti ilə tanış olmuş, uşaqlar üçün yaradılmış şəraiti yaxından izləyərək, mərkəzin fəaliyyətinə tövsiyyələrini vermişdir.