Qəbələ Rayon İcra Hakimiyyətinin və Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin təşkilatçılığı ilə reallaşan tədbirdə çıxış edən Qəbələ Rayon İcra Hakimiyyəti yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqları müdafiəsi üzrə Komissiyanın katibi Pərvin Məmmədov qeyd edib ki, belə tədbirlər “Konstitusiya və Suverenlik İli” çərçivəsində ölkəmizin müstəqil inkişaf yoluna, möhtəşəm Zəfərimizin tarixi və ictimai-siyasi əsaslarına, nəhayət, yeni mərhələdə suveren Azərbaycanın qarşısında duran əsas hədəflərə nəzər salınması baxımından mühüm əhəmiyyət kəsb edir. Pərvin Məmmədov vurğulayıb ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ildə 44 günlük Vətən müharibəsində parlaq Qələbə qazanaraq öz ərazi bütövlüyünü, 2023-cü ildə birgünlük antiterror əməliyyatı nəticəsində isə tam suverenliyini bərpa edərək keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyan Azərbaycan Respublikasında davamlı sosial-iqtisadi inkişafın təmin edilməsi mühüm amildir.
Tədbirdə həmçinin Mərkəzin Təhsilalanlarla iş şöbəsinin əməkdaşı Gültəkin Eyvazlı təqdimatla çıxış edərək, dövlətin Əsas Qanununu – Konstitusiyasının müstəqilliyini bərpa etmiş Azərbaycan dövlətinin ilk milli Konstitusiyası olduğunu, ölkədə demokratik, hüquqi, dünyəvi və unitar dövlət qurulması işinə hüquqi zəmin yaratdığını vurğulayıb.