Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən “Gənclər təşkilatlarının fəaliyyətlərinin dəstəklənməsi” məqsədi ilə 2024-cü il üzrə elan edilmiş qrant müsabiqəsi çərçivəsində “Gənclərin Anti-Narkomaniya” ictimai birliyi “Gənclər Narkotikə yox deyir şuarı altında regional konfranslar” layihəsinin icrasına start verildi. İlk konfrans Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində keçirildi. Konfransda Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Xüsusilə Mühüm İşlər üzrə Baş Əməliyyat Müvəkkili Polis polkovnik-leytenant Natiq İsbatov, Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin Direktor müavini Reyhan Məmmədova, Qəbələ Rayon İcra Hakimiyyətinin Hüquq Şöbəsin müdiri Pərvin Pənahov, Qəbələ Təhsil Sektorunun müdiri Arifə Bayramova, YAP Qəbələ rayon təşkilatının əməkdaşı David Musazadə, Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin əməkdaşları, Qəbələ rayonu Hacalı kənd imamı Mehman Şəfiyev, Gənclərin Anti-Narkomaniya İctimai Birliyinin idarə heyətinin üzvü, Qəbələ rayon üzrə koordinatoru Xəyal Məmmədəliyev iştirak edirdilər.
Qeyd edək ki, 3 ay müddətində icra olunacaq layihənin rəhbəri Büllur Məmmədovadır.
Layihənin ideası Azərbaycanın narkotiklərin geniş yayıldığı, interaktiv xəritədə qırmızı və sarı zonalara daxil olan rayon və şəhərlərində gənclərin narkomaniyaya qarşı mübarizə bilgilərini artırmaq, narkomaniya ilə mübarizə mədəniyyətini təkmilləşdirməkdən ibarətdir.
Layihənin qısa məzmunu ondan ibarətdir ki, gənclərin narkotik vasitələrdən asılılığının əvvəlcədən qarşısını almaq məqsədilə regionlarda konfranslar təşkil olunur.
Məqsəd ölkəmizdə gənclərin narkotik maddələrdən asılılığının qarşısını almaq və ümumiyyətlə buna yol verməmək, bunun üçün qabaqlayıcı maarifləndirmə tədbirləri təşkil etmək, yeni nəsil nümayəndələrinin sağlam həyat tərzi sürməyə üstünlük verməklə narkotik maddə istifadə etmək təhlükəsindən uzaqlaşmalarına, narkotik maddə istifadəçisi olan gənclərin statistikasında sürətli şəkildə azalmaya nail olmaqdır.