Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində məcburi köçkünlər üçün keçirilən qısamüddətli kursları bitirən və buraxılış-ixtisas imtahanından müvəffəqiyyətlə keçən müdavimlərə Elm və Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş dövlət nümunəli sertifikatların təqdim edilməsi mərasimi keçirilib. Tədbirdə çıxış edən Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Qalib Nəbiyev qeyd edib ki, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın Tədbirlər Planına uyğun olaraq Peşə Təhsili üzrə Dövlət Agentliyinin qarşısında konkret hədəflər qoyulub. Xüsusilə də yaxın gələcəkdə geri qayıdan əhalinin məşğulluq imkanlarının artırılması və sosial müdafiəsinin təmin edilməsi sahəsində peşə təhsili sisteminin xüsusi rolu müəyyən olunub. “Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində Qarabağda 8 peşə təhsil müəssisəsinin qurulması o cümlədən 5000 nəfərin qısamüddətli, 1000 nəfərin isə ixtisasartırma təlimlərinə cəlb olunması planlaşdırılır.

Qəbələ rayonunda məskunlaşan 84 nəfər keçmiş məcburi köçkün dayə, arıçı, aşpaz-qənnadçı, çilingər-santexnik, heyvandarlıq mütəxəssisi, bərbər, əməliyyatçı mühasib və turizm təşkilatçısı ixtisasları üzrə qısamüddətli kurslara cəlb edilib. İxtisaslar Qəbələ rayonu ərazisində müvəqqəti məskunlaşmış məcburi köçkünlərlə aparılmış sorğulara əsasən müəyyən edilib.

Qısamüddətli kursların müddəti təlim proqramlarına uyğun olaraq 3 ay müddətində olub. Təhsil proqramları nəzəri bilik və praktik bacarıqların vəhdəti əsasında tərtib edilib. Kurs iştirakçıları ilk 10 həftədə nərəzi biliklər əldə edərək istehsalat təlimində iştirak edir, sonuncu iki həftədə isə istehsalat təcrübəsinə cəlb olunurlar. Adıçəkilən kurslar geri qayıdan əhalinin peşəkar bilik və bacarıqlarını artıraraq, onların sosial-iqtisadi vəziyyətlərini yaxşılaşdırmaq və iş imkanlarını genişləndirmək məqsədi daşıyır.

Bildiririk ki, təlimləri uğurla bitirən 84 məcburi köçkündən 36 nəfəri artıq işlə təmin edilib

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.