Qəbul qaydaları

Tələbə qəbulu qaydaları

Peşə təhsili müəssisələrinə tələbə qəbulu mərkəzləşdirilmiş və elektron qaydada həyata keçirilir. Peşə təhsili almaq istəyən şəxslər qəbul elan edildiyi müddətdə portal.edu.az platformasında qeydiyyatdan keçərək “Peşə təhsili müəssisələrinə elektron tələbə qəbulu” xidməti vasitəsilə müraciət edə bilərlər.

Qəbul ümumi və ya tam orta təhsil bazasını bitirmiş şəxslər üçün nəzərdə tutulur.

Qəbul qaydası

İlk və texniki peşə təhsili səviyyələri üzrə qəbul ərizəçinin attestatında göstərilən müvafiq fənlər üzrə qiymətlərin orta balı əsasında aparılır.

Yüksək texniki peşə təhsili səviyyəsi üzrə qəbul isə ümumi və tam orta təhsil səviyyələri üzrə məzunların buraxılış imtahanında əldə etdikləri nəticələr əsasında həyata keçirilir.

İxtisas seçimi

Qəbul prosesində hər bir müraciətçiyə maksimum 5 ixtisas seçmək imkanı verilir. İxtisas seçimi elektron ərizə vasitəsilə həyata keçirilir.

Müraciət qaydası

Müraciətçi:

1. portal.edu.az platformasında şəxsi kabinet yaradır;

2. “Peşə təhsili müəssisələrinə elektron tələbə qəbulu” xidmətinə daxil olur;

3. şəxsi və əvvəlki təhsil məlumatlarını daxil edir;

4. seçmək istədiyi ixtisasları müəyyən edir;

5. elektron ərizəni təsdiq edir.

Müsabiqənin nəticələri barədə məlumat müraciətçinin şəxsi kabinetində əks olunur və qəbul nəticəsi ilə bağlı mobil telefon nömrəsinə SMS bildiriş göndərilir. Müsabiqədən uğurla keçən şəxslər qəbul olduqları peşə təhsili müəssisəsinə sənədlərini təqdim edərək qeydiyyatdan keçməlidirlər.

Güzəştlər. Qanunvericilikdə nəzərdə tutulmuş hallarda müəyyən kateqoriyalara aid şəxslər üçün peşə təhsilinə qəbul və təhsil haqqının ödənilməsi ilə bağlı güzəştlər tətbiq edilir. Əlilliyi olan şəxslər, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar və qanunvericiliklə müəyyən edilmiş digər kateqoriyalar üzrə güzəştlər mövcuddur.

Qəbul tarixləri, ixtisaslar və plan yerləri hər tədris ili üzrə ayrıca elan edilir.