Tez-tez verilən suallar

Ən çox verilən suallar və cavablar.

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinə kimlər qəbul ola bilər?

Ümumi orta (9-cu sinif) və tam orta (11-ci sinif) təhsil bazasını bitirmiş şəxslər peşə təhsili almaq üçün müraciət edə bilərlər.

Qəbula necə müraciət etmək olar?

Qəbul elektron qaydada, portal.edu.az qəbul platforması vasitəsilə həyata keçirilir. Namizədlər elektron sistemdə qeydiyyatdan keçərək ixtisas seçimi edə bilərlər.

Bir nəfər neçə ixtisas seçə bilər?

Namizədlər qəbul qaydalarına uyğun olaraq 5 ixtisas seçə bilərlər.

Qəbul zamanı hansı sənədlər tələb olunur?

Qeydiyyat və ixtisas seçimi zamanı namizədlər müvafiq təhsil sənədini (şəhadətnamə) və şəxsiyyət vəsiqəsini təqdim etməklə seçim prosesini yekunlaşdıra bilərlər. Bununla yanaşı, seçilmiş ixtisas və təhsil bölməsindən asılı olaraq əlavə sənədlər də tələb oluna bilər.

Peşə təhsili alan tələbələrə təqaüd verilir?

Bəli. Dövlət sifarişi əsasında təhsil alan tələbələrə müvafiq qanunvericiliklə müəyyən edilmiş qaydada təqaüd təyin edilə bilər. Təqaüdün verilməsi təhsil səviyyəsi və akademik göstəricilər nəzərə alınmaqla həyata keçirilir.

Peşə təhsili almaq üçün yaş məhdudiyyəti varmı?

Müsabiqədə iştirak imkanınız əvvəlki təhsil sənədləriniz əsasında müəyyən edilir. Yaşla bağlı məhdudiyyət yalnız ümumi orta təhsil bazasından qəbul aparılan 3 illik və 4 illik tədris qruplarına şamil olunur. Belə ki, həmin qruplara yalnız son 3 il ərzində ümumi orta təhsilini başa vurmuş şəxslər müraciət edə bilərlər.

Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər təhsil ala bilərlərmi?

Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər dövlət peşə təhsili müəssisələrində yalnız ödənişli əsaslarla təhsil ala bilərlər.

Sosial müdafiəyə xüsusi ehtiyacı olan aşağıdakı qrup şəxslərin təhsil almasında hər hansı güzəşt tətbiq olunurmu?

Aşağıda qeyd olunan şəxslər dövlət peşə təhsili müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilir:

  • Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər;

  • I, II və III dərəcə əlilliyi olan şəxslər;

  • Şəhid ailəsinin üzvləri;

  • 20 yaşına çatmamış, I dərəcə əlilliyi müəyyən edilmiş valideyni olan və aylıq gəliri yaşayış minimumundan aşağı olan şəxslər.