Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin formalaşması regionun sosial-iqtisadi inkişafı ilə sıx bağlıdır. Mərkəzin əsasları iki peşə təhsili müəssisəsinə dayanır. Bunlardan birincisi 1973-cü ildə yaradılmış Qəbələ Peşə Məktəbi olmuş, uzun illər kənd təsərrüfatı və digər sahələr üzrə kadr hazırlığı həyata keçirmişdir. İkincisi isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə 2008-ci ildə yaradılmış, 2009-cu ildən fəaliyyətə başlayan Qəbələ Turizm və Otelçilik üzrə Peşə Tədris Mərkəzi olmuşdur. Bu müəssisə regionun turizm potensialına uyğun olaraq turizm və xidmət sahələri üzrə ixtisaslaşmışdır.
Müasir Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi bu iki müəssisənin bazasında peşə təhsilinin inkişafı üzrə dövlət siyasətinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 iyun 2017-ci il tarixli 250 nömrəli qərarı ilə yaradılmış, daha sonra isə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin 18 dekabr 2020-ci il tarixli F/545 nömrəli əmri ilə publik hüquqi şəxs statusunda yenidən təşkil edilərək fəaliyyətə başlamışdır. Həmin qərar və əmrə əsasən əvvəlki iki təhsil müəssisəsi ləğv edilərək onların bazasında yeni idarəetmə modelinə malik vahid Mərkəz təsis olunmuşdur.
2020–2025-ci illəri əhatə edən intensiv inkişaf və modernləşmə strategiyası çərçivəsində Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi 2021-ci ildən etibarən strukturun yenidən təşkili və innovativ idarəetmə modelinin tətbiqi ilə çoxprofilli regional təhsil müəssisəsi kimi yeni formalaşma mərhələsinə qədəm qoymuşdur. Həyata keçirilən bu kompleks transformasiya prosesi nəticəsində tədris proqramları müasir əmək bazarının tələblərinə uyğunlaşdırılmış, yeni kurikulumlar işlənib hazırlanmış, habelə yüksək texniki peşə və subbakalavr səviyyələri üzrə kadr hazırlığı həyata keçirilən ixtisasların əhatə dairəsi əhəmiyyətli dərəcədə genişləndirilmişdir.
Mərkəz 2026-2027-ci tədris ili üzrə ümumilikdə 1305 nəfər tələbə ilə tədrisə başlamışdır. Tədris ili üzrə müəssisədə 47 ixtisas üzrə formalaşdırılmış 80 qrupda ümumilikdə 1305 nəfər təhsilalan (o cümlədən 320 qadın) təhsil alır.
Son 5 il ərzində Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi peşə təhsilinin keyfiyyətinin yüksəldilməsi, əmək bazarının tələblərinə uyğun ixtisaslı kadrların hazırlanması, gənclərin məşğulluq və sahibkarlıq imkanlarının genişləndirilməsi, eləcə də beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində mühüm nailiyyətlər əldə etmişdir.
Mərkəzdə tədris prosesinin müasir tələblərə uyğunlaşdırılması, praktiki bacarıqların inkişafı və əmək bazarının ehtiyaclarına cavab verən mütəxəssislərin hazırlanması istiqamətində ardıcıl tədbirlər həyata keçirilmişdir. Yüksək texniki peşə təhsili (YTP) proqramlarının inkişafı nəticəsində məzunlar üçün ali təhsilə keçid imkanları genişlənmiş, müvafiq qəbul qaydaları və şərtlərinə uyğun olaraq YTP məzunlarının qəbul imtahanı vermədən ali təhsil müəssisələrində təhsillərini davam etdirmələri üçün imkanlar yaradılmışdır.
Son illərdə məzunların məşğulluq göstəricisi 60%-dən yüksək səviyyədə olmuş, işəgötürənlərlə əməkdaşlıq, istehsalat təcrübəsinin təşkili və praktiki hazırlığın gücləndirilməsi vasitəsilə gənclərin əmək bazarına çıxışına dəstək göstərilmişdir.
Mərkəz tərəfindən dövlət və özəl sektor nümayəndələri, müəssisə və təşkilatlarla əməkdaşlıq əlaqələri genişləndirilmiş, müxtəlif istiqamətlər üzrə 200-ə yaxın əməkdaşlıq əlaqəsi qurulmuşdur. Bu əməkdaşlıqlar tələbələrin istehsalat təcrübəsinə cəlb olunmasına, peşə bacarıqlarının real iş mühitində inkişafına və məzunların iş imkanlarının artırılmasına xidmət edir.
Gənclərin biznes bacarıqlarının formalaşdırılması, innovativ düşüncənin təşviqi və özünüməşğulluq imkanlarının genişləndirilməsi məqsədilə “Gənclərin Biznes Emalatxanası” təşəbbüsü xüsusi əhəmiyyət daşıyır. Bu istiqamətdə gənclərin biznes ideyalarının inkişaf etdirilməsi, sahibkarlıq düşüncəsinin formalaşdırılması və gələcəkdə öz bizneslərini qurmağa hazırlanması hədəflənir.
Mərkəzin tələbə və pedaqoji heyətinin Türkiyə və Almaniyanın peşə təhsili təcrübəsi ilə tanışlığı beynəlxalq əməkdaşlığın mühüm istiqamətlərindəndir. Təcrübə mübadiləsi, peşə təhsili müəssisələri ilə əlaqələr və beynəlxalq təlimlər vasitəsilə müasir tədris metodlarının öyrənilməsi, peşə bacarıqlarının inkişafı və qabaqcıl təcrübələrin yerli təhsil mühitinə tətbiqi təşviq olunur.
Təhsilalanların nailiyyətlərinin qiymətləndirilməsi, tədris prosesinin monitorinqi, daxili keyfiyyət təminatı mexanizmlərinin təkmilləşdirilməsi və maraqlı tərəflərin məmnunluğunun artırılması istiqamətində sistemli iş aparılır.
Bütün bunlar Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin regionda peşə təhsilinin inkişafına, gənclərin rəqabətqabiliyyətli mütəxəssis kimi yetişməsinə, sahibkarlıq təşəbbüslərinin dəstəklənməsinə və əmək bazarının tələblərinə uyğun kadr hazırlığına verdiyi töhfəni əks etdirir. Mərkəz gələcəkdə də innovativ yanaşmaların tətbiqi, beynəlxalq əməkdaşlığın genişləndirilməsi və təhsilalanlar üçün yeni inkişaf imkanlarının yaradılması istiqamətində fəaliyyətini davam etdirməyi hədəfləyir.